ELM VƏ TƏHSİL
Üç yüz ukraynalı şagird Portuqaliya məktəblərində təhsilə cəlb olunub
Lissabon, 17 mart, AZƏRTAC
Ukraynadakı hərbi münaqişədən qaçan üç yüz ukraynalı şagird Portuqaliya məktəblərində təhsilə rəsmən cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Avropa İttifaqının 27 dövlətinin təhsil nazirlərinin Ukraynanın təhsil sisteminə koordinasiya olunmuş dəstəyini müzakirə edən qeyri-rəsmi videokonfransda deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkənin məktəblərində ukraynalı şagirdlərin sayının artacağı gözlənilir.
T.Rodriges qeyd edib ki, Portuqaliyanın Təhsil Nazirliyi azyaşlı uşaqların ölkədəki uşaq bağçalarına cəlb olunması üçün tədbirlər üzərində işləyir.
Ukraynadakı hərbi vəziyyət 1,5 milyon məktəb yaşlı uşağı ölkəni tərk etməyə məcbur edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon