ELM VƏ TƏHSİL
Uğurlu iqtisadi siyasətin sosial təzahürü
Bakı, 4 sentyabr, AZƏRTAC
Hər bir dövlətin iqtisadi siyasətinin əsas strateji istiqamətlərindən biri insanların həyat səviyyəsinin, yaşayış keyfiyyətinin yaxşılaşdırılmasıdır. Əhali gəlirlərinin həcmi, səviyyəsi və istifadə edilməsi istiqamətləri ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin maddi əsasıdır. Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamı son illərdə sosial və iqtisadi sahədə atılan vacib uğurlu addımlardan biridir. Əslində minimum əməkhaqqının bundan əvvəl də artması yaxın gələcək üçün də son olmadığı anlamına gəlirdi.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyı fakültəsınin iqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov söyləyib. O bildirib ki, minimum əməkhaqlarının və pensiyaların ardıcıl olaraq artırılacağı barədə ölkə rəhbərinin mütəmadi çıxışları, Prezident İlham Əliyevin bu ilin fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə “Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın” söyləməsi tez bir vaxtda əyani şəkildə təsdiqini tapdı. Ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən, sentyabrın 1-dən minimum aylıq əməkhaqqı məbləği 250 manat civarında müəyyən edildi. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin ediləcək. Ölkənin inkişaf proqramlarında və yol xəritələrində qarşıya qoyulan hədəflərdən biri də yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsidir. Minimum əmək haqqının yaşayış minimumunu üstələməsi sosial müdafiənin təmini baxımından effektliliyini yüksəldəcək. Hazırkı vəziyyətdə minimum əməkhaqqının 250 manata çatdırılması gələcəkdə bu məbləğin artırılmasına əsaslı təkan verəcək.
Vüqar Nəzərov qeyd edib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək insanı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Minimum əməkhaqqının 70 manat artırılması bundan öncə atılmış böyük bir inqilabi addımın davamıdır. Xüsusilə qeyd etmək lazımdır ki, minimum əməkhaqqının bu cür artırılması 2015-ci il fevral və dekabr devalvasiyalarından sonra MDB ölkələrinin əksəriyyətində müşahidə olunmayıb. Onu da qeyd etmək lazımdır ki, dövlət başçısının qərarı ilə minimum əməkhaqqının məbləği yaşayış minimumunu üstələməklə ehtiyac meyarı göstəricisini ötüb keçib. Beləliklə, artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq. 2006-2019-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikasına nəzər salsaq sentyabrın 1-dən minimum əməkhaqqı məbləğinin 250 manat olması dinamika üzrə ən yüksək göstəricidir.
Bildirilib ki, təcrübədə il ərzində bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda müşahidə olunur. Qürurverici haldır ki, dövlət başçısı bu cür addımları hər il atır və onun icrasına şəxsən nəzarət edir. Sərəncamın müsbət cəhətlərindən biri də qadınlarla kişilərin əməkhaqları arasında fərqin azaldılmasına xidmət etməsidir. Ona görə ki, Sərəncamın əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir. Onların da böyük əksəriyyəti qadınlardır. Vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım müşahidə olunacaq. Bu gün qadınların əksəriyyətinin az maaşla işlədiyini nəzərə alaraq qeyd etmək lazımdır ki, bu Sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Digər tərəfdən bu Sərəncam ölkədə qadın və kişi münasibətlərində gender bərabərliyinin təmin olunmasına da xidmət edəcək. Ümumiyyətlə, ölkə vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi uğrunda aparılan siyasətin əsas istiqamətlərindən birini minimum əməkhaqqının ardıcıl olaraq qaldırılması mexanizmi təşkil edir. Məhz bu mexanizm vasitəsilə iqtisadi sektorlar və sahələr üzrə əməkhaqqı ödənişlərini artırmaq, onlara nəzarət etmək və tənzimləmək mümkün olacaq.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncam ölkədə bu sahədə ardıcıl islahatların və təkmilləşmələrin aparılmasında müstəsna əhəmiyyətə malik olacaq.