REGİONLAR
Uilyam Qil: Naxçıvan şəhərindəki inkişaf və buradakı xidmətlərin səviyyəsi məndə xoş təəssürat yaratdı
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasına ilk səfərimdən çox məmnunam. Muxtar respublikada səfərdə olarkən bir sıra yüksək səviyyəli görüşlər keçirdim. Görüşlərdə bizim ortaq prioritetlərimiz olan energetika və iqtisadi məsələlərlə bağlı çox faydalı müzakirələr apardıq.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil deyib.
“Səfərimiz Beynəlxalq Əlillər Günü ərəfəsinə təsadüf edir. Biz səfirlik olaraq fəxr edirik ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət “ƏSA” teatrının kollektivi tərəfindən hazırlanan “Adamlar və siçanlar” tamaşasının Naxçıvanda nümayişinə kömək göstərə bildik”, – deyən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil qeyd edib ki, Naxçıvanda fiziki məhdudiyyəti olan insanların sosial şəraitinin yaxşılaşdırılması və təhsili istiqamətində görülən işlərlə yaxından tanış olub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Naxçıvan Uşaq Bərpa Mərkəzində olarkən gördüyü yüksək şərait onda xoş təəssüratlar yaradıb.
Uilyam Qil deyib: “Səfər çərçivəsində Naxçıvan şəhərindəki tarixi və mədəni abidələrlə də yaxından tanış olduq. Bütün bu yerlər Naxçıvan üçün önəmli, çox dəyərli yerlərdir. Mən Naxçıvana səfər etməyə və həmin yerlərlə tanış olmağa dəyər. Şəhərin gözəlliyi, buradakı inkişaf və xidmətlərin səviyyəsi məndə çox xoş təəssüratlar yaratdı. Naxçıvan şəhərindəki yaşıllıqlar, parklar onun gözəlliyinə gözəllik qatır. Mən Naxçıvana yenidən səfər edib, bura ilə daha yaxından tanış olmağı həvəslə və səbirsizliklə gözləyirəm”.
Diplomat diqqətə, xoş və səmimi münasibətə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.