DÜNYA
Ukrayna Fiskal Xidmətinin rəhbəri 3,7 milyon dollar müqabilində zaminə buraxılıb
Bakı, 17 mart, AZƏRTAC
Ukrayna Dövlət Fiskal Xidmətinin vəzifəsindən kənarlaşdırılan rəhbəri, əslən azərbaycanlı olan Roman Nəsirov korrupsiya işi üzrə təhqiqat müddətində 100 milyon qriven (təxminən 3,7 milyon dollar) girov müqabilində həbsdən azad edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl Solomensk rayon məhkəməsi Nəsirovu 100 milyon qriven girov ödəmək imkanı verilməklə iki ay müddətinə həbs etmişdi. Martın 16-da Ukrayna İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Nəsirovun həyat yoldaşının onun həbsdən azad olunmasına görə girov ödədiyini bildirib.
Ailəsinin bu məbləği haradan əldə etdiyini izah etməyən Nəsirov özünü günahkar bilmədiyini və bunu məhkəmədə sübut edəcəyini deyib.
Qeyd edək ki, Fiskal Xidmətin başçısı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun “xüsusilə böyük məbləğdə dövlət əmlakını mənimsəmə” cinayət işi üzrə saxlanılıb. Vəkilin məlumatına əsasən, Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 70 milyon dollar həcmində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilirlər. Cinayət işi açıldıqdan sonra Nəsirov hospitala yerləşdirilib. Martın 3-də Nazirlər Kabineti təhqiqat bitənədək onu vəzifədən kənarlaşdırıb.
Kiyevdə girov kimi ödənilən iri məbləğdə vəsaitin mənbəyinin qanuniliyi ilə maraqlanmağa başlayıblar.