DÜNYA


Ukrayna Prezidenti AŞPA-nın payız sessiyasında videoformatda çıxış edəcək

Paris, 6 oktyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 10-dan 14-dək keçiriləcək payız plenar sessiyasında videoformatda çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, payız sessiyasında İrlandiya Prezidenti Maykl D.Higgins və İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, eləcə də Albaniyanın Baş naziri Edi Ramanın çıxışları gözlənilir.

Payız sessiyasında “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı”, “Ermənistan ilə Azərbaycan arasında hərbi əməliyyatlar” və digər mövzulara dair müzakirələr də daxildir. Sessiyada “Rusiya Federasiyasının son hədsiz və qeyri-insani fəaliyyəti” mövzusunda təcili debat tələb olunub.

Həmçinin sessiyada Qərbi Balkan ölkələri üçün Avropa perspektivi, islamofobiya və ya antimüsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında “Brexit”in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyanın payız sessiyasında Türkiyə, Macarıstan və Rumıniyanın qurum qarşısında götürdükləri öhdəliklərinə əməl etməsi də müzakirə olunacağı gözlənilir.

İrlandiyanın Avropa məsələləri üzrə naziri Tomas Birn İrlandiyanın Avropa Şurasına sədrliyi çərçivəsində Nazirlər Komitəsinin Kommunikasiyasını təqdim edəcək. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç AŞPA üzvlərinin suallarını cavablandıracaq.

AŞPA-nın payız sessiyasında Şengen İnformasiya sistemindən dövlətlərin siyasi motivli sanksiya kimi sui-istifadəsi, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, quruda və dənizdə miqrasiya idarəçiliyinin qeyri-qanuni tədbirləri ilə bağlı hesabatlar müzakirə ediləcək və əmək hüquqlarına yenidən baxılacaq.

AŞPA payız sessiyanın ilk günündə yekun gündəliyi qəbul ediləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.