İDMAN
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın birinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayırlar.
Milli komandamızın heyətində ilk olaraq Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış etdiyi A qrupuna yekun vurulub. İyirmi doqquz gimnastın çıxış etdiyi A qrupunda ukraynalı Vlada Nikolçenko 21,400 xalla birinci olub. Belarus təmsilçisi Katarina Halkina 20,600 xalla ikinci, digər Ukrayna təmsilçisi Kristina Poqraniçnaya 20,050 xalla üçüncü pillədə yer alıblar.
Yığmamızın üzvləri Z.Ağamirova 19,000 xalla beşinci, V.Qudis isə 16,950 xalla 16-cı yerdədir.
Sentyabrın 17-də halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.