DÜNYA


Ukraynanın üç vilayətinə 50-yə yaxın raket zərbəsi endirilib, ölən və yaralananlar var

Kiyev, 25 iyun, AZƏRTAC

İyunun 25-də səhər saatlarında Ukraynanın üç bölgəsinə 50-yə yaxın raket zərbəsi endirilib. Xüsusilə, Jitomir və Çerniqov bölgələri hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Jitomir vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko teleqram kanalında verdiyi məlumata görə, iyunun 25-i səhər saatlarında Jitomir vilayəti ərazisinə 30-a yaxın raket zərbəsi endirilib.

"Tammiqyaslı işğalın ilk günündə olduğu kimi, bu gün səhər saat 04:15-dən başlayaraq yenidən Jitomir vilayətinə raket zərbələri endirilib. Bu dəfə vilayət ərazisinə 30-a yaxın raket atılıb. Hərbi infrastruktura da ziyan dəyib, bir əsgər ölüb, biri isə yaralanıb”, - deyə Buneçko əlavə edib.

Çerniqov vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə isə bu gün səhər saatlarında Kiyev vilayəti ilə sərhəd ərazi olan Desna kəndinə 20 raket atılıb. "Səhər saat 05:00 radələrində Çerniqov vilayəti kütləvi raket atəşinə məruz qalıb. Belarus Respublikası ərazisindən Desna kəndinə təyyarələrdən və yerdən 20 raket atılıb. İnfrastruktura ciddi ziyan dəyib”, - deyə məlumatda bildirilib.

İtkilər barədə araşdırma aparılır.

İyunun 25-də səhər saatlarında Lvov vilayəti də raket hücumlarına məruz qalıb. Qara dənizdən atılan 6 raketdən ikisi vurulub.

Bu barədə Lvov vilayəti Hərbi Administrasiyasının məlumatında qeyd olunub.

“Raket zərbələri hərbi obyektə vurulub. Zərbə nəticəsində 4 nəfər xəsarət alıb. Biri orta ağır, üçü yüngüldür. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğın lokallaşdırılıb", - deyə məlumatda qeyd edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.