ELM VƏ TƏHSİL
Ulu Öndər hər zaman müəllim əməyini yüksək qiymətləndirib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, bu günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı adlandırıb.
C.Məmmədov xalqımızın tarixən müəllim sənətini yüksək qiymətləndirdiyini, ölkəmizdə elm və təhsilə xüsusi önəm verildiyini söyləyib, son illər bu sahənin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən danışıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə müəllim əməyini yüksək qiymətləndirib. Bildirilib ki, hazırda Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərməsi dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Rektor Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstəyi də xüsusi vurğulayıb.
Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Aİİ-nin əlamətdar gün münasibətilə tədbir keçirməsini yüksək dəyərləndirib və dəvətə görə təşəkkürünü bildirib. Müəllim zümrəsinin hər zaman maarifçiliyin keşiyində dayandığını bildirən professor bu sənətin müqəddəsliyindən danışıb, xalqın tarixi yaddaşının, mədəniyyətinin məhz müəllimlər vasitəsilə gələcəyə ötürüldüyünü bildirib və həmkarlarını peşə bayramları münasibətilə təbrik edib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənzadə müəllimi gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs kimi səciyyələndirib, keçdiyi zəngin həyat yolundan danışıb, gənc nəslə təhsilə daim önəm verməyi, öz vaxtlarını səmərəli istifadə etməyi tövsiyə edib. O, bir xalqın tərəqqisinin yalnız elmlə mümkün olduğunu bildirərək, tələbələri daha yaxşı oxumağa səsləyib.