Ulu öndər Heydər Əliyev xalqımızın milli iftixarı, böyük azərbaycanlı idi
AzerTAg.az

Bakı, 12 dekabr, AZƏRTAC
Hər bir insan şəxsdir. Ancaq böyük şəxsiyyətlər tək-tək olur. Hər bir dövlətin, xalqın başında böyük şəxsiyyətin dayanması, onu idarə etməsi də xalq və dövlət üçün xoşbəxtlik, Tanrının onlara bəxş etdiyi hədiyyədir. Tarixboyu böyük şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və qurduğu dövlətin həyatında mühüm önəm daşımışdır. Azərbaycan xalqının belə böyük şəxsiyyəti, tarixi sınaq məqamında xilaskarı olmuş, müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir hallarda baş verə bilər. Bu, Azərbaycan xalqının xoş nəsibidir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.
Deputat deyib ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Onun böyük qürur hissi ilə söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bütün həyat ideologiyasını, amalını əks etdirir.
Bu gün Ulu Öndərin anım günüdür. 2003-cü ildə Vətən öz böyük oğlunu itirib. Ancaq bu ötən 17 il ərzində Heydər Əliyev siyasəti onun layiqli mənəvi və siyasi varisi tərəfindən davam etdirilib, addım-addım irəliləyib. Ulu Öndərsiz ötən bu illəri onun siyasətinin təntənəsi kimi qəbul etmək olar, bu gün Azərbaycanın uğurla inkişaf etdiyinin şahidiyik. Azərbaycan məhz onun qoyduğu yolla irəliləyib, bugünkü zirvəsinə ucalıb. Bu inkişafın, qələbələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulub, onun layiqli davamçısı, Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən reallaşdırılıb.
Bəlkə, bu da tarixin bir əlamətdar axarıdır ki, qurub dirçəltdiyi müstəqil Azərbaycanın, xalqımızın Zəfər paradı da onun anım günü ərəfəsinə təsadüf edib. Şübhəsiz, bu qələbədə onun haqqı böyükdür. Hər bir azərbaycanlı əminliklə deyə bilər ki, Ulu Öndərin ən böyük arzusu gerçəkləşdi.
İndi Ümummilli Liderin ruhu şaddır: onun özünə layiq oğlu atasının vəsiyyətini və xalqına verdiyi sözü yerinə yetirib Qarabağı ata yurduna – Azərbaycana qaytarıb.
Ruhun şad olsun, Ulu öndər! Qarabağ Azərbaycandır!
Xəbərin mətnində orfoqrafik səhv var