CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Zəka bağının bəhrələri” adlı layihə həyata keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Xəzər rayonu Zirə qəsəbəsindəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə “Bu dünyanı yaşıl cənnət edin” şüarı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Zəka bağının bəhrələri” adlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Zirə Mədəniyyət Mərkəzi Eko-Parkının dəstəyi, Təhsil Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, “Azərenerji” ASC-nin təşkilatçılığı ilə baş tutub. Məktəbin direktoru Kamran İsalı tədbiri açaraq qeyd edib ki, bu cür aksiyalar məktəbdə mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılır.
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkının icraçı direktoru Elnur Sadıqov Ulu Öndərin vətənimizə, torpağımıza verdiyi dəyərdən, bu günümüzdə layihənin əhəmiyyətindən söz açıb. Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi və digər çıxışçılar Heydər Əliyev dühasının böyüklüyündən və bu günün əhəmiyyətindən danışıblar.
Bildirilib ki, layihənin məqsədi vətənimizin hər bir bölgəsində, xüsusən də geri qaytarılmış ərazilərimizdə dağıdılmış, məhv edilmiş təbiətin, gənc nəslimiz - şagirdlərimiz tərəfindən yenidən əkilib-becərilib canlandırılmasıdır. Bu layihə, həmçinin şagirdlərin təbiəti öz əlləri ilə canlandırdıqdan sonra da qorumaqlarına bir təkandır. Layihənin hər il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum günündə həyata keçirilməsi, ümummilli liderimizin vətənimizin hər qarışına, təbiətinə verdiyi dəyərin unudulmadığı, daim yaşadılacağı anlamındadır.
Layihənin əsas ideyası onbirincilərin birincilərlə birgə ağac əkmələridir. Birincilər məzunlardan sonra 11 il bu ağacları qoruyub qayğısına qalacaqlar. Hər il məktəbin “Zəka bağının bəhrələri” adlı albomuna birincilərin və onbirincilərin birgə əkdiyi ağacın şəkli, növü, yaşı və ona qulluq edən şagirdlərin şəkilləri qeyd olunacaq. Bu layihə ənənə kimi davam edərək, ilk əvvəl, məktəb və bağçaların boş sahələrində, yol kənarlarında, 1941-1945-ci il II Dünya müharibəsi iştirakçılarının xatirəsinə salınmış bağlarda, Heydər Əliyev adına parklarda, uşaq meydançalarında, qəsəbə və kəndlərdə, bölgələrimizdə dekorativ və bar verən ağaclar əkərək həm meyvə bağları və yaşıl zolaqların sayını artırmış olur, həm də vətənimizin təbiətini canlandırırıq. Bu yeni yaşıl zolaqlar, parkların salınması ilə həm də ölməz şəhidlərimizin əziz xatirəsini anmış olarıq.
“Bu dünyanı yaşıl cənnət edin” şüarlı layihənin davamlı olaraq müxtəlif ərazilərdə təşkil olunması nəzərdə tutulur.