SİYASƏT
Ulu öndər Heydər Əliyevin böyük xidmətləri Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir
Qars, 4 may, АZƏRTAC
Türkiyənin Qars şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən böyük toplantı keçirilib.
Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyində keçirilən toplantıda diplomatlar, türkiyəli rəsmi şəxslər, ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra baş konsul Nuru Quliyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəy çıxış ediblər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, həyata keçirdiyi inkişaf strategiyasının nəticələrindən, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin böyük xidmətləri Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.
Toplantıda Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars