REGİONLAR
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında xidmətləri əvəzsizdir
Balakən, 3 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müəyyən olunmuş mövzular üzrə keçirilən açıq tarix dərslər Ulu Öndərin dövlət quruculuğu sahəsindəki səmərəli fəaliyyəti, ölkəmizdə reallaşdırılan sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə yetişməkdə olan gənc nəslin nümayəndələrinə daha dolğun məlumatların çatdırılması məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, Mərkəzdə dekabrın 3-də keçirilən növbəti açıq dərsdə rayonun Qabaqçöl qəsəbə, Qazbölük, Bedağar və Yeni Şərif kənd tam orta məktəblərin 51 nəfər XI sinif şagirdi iştirak edib.
Təcrübəli tarix müəllimi Bəşir Çöpsiyevin tədris etdiyi açıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, ordu quruculuğu, təhsil, mədəniyyət, idmanın inkişafı, xarici siyasətdə əldə edilən nailiyyətlər və digər məsələlər barədə dolğun məlumatlar verilib.