CƏMİYYƏT
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar 50 hektar ərazidə abadlıq işləri aparılıb
Bakı, 2 iyun, AZƏRTAC
Hər il 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər təşkil edir. Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri iyunun 2-də Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində keçirilib.
ETSN əməkdaşlarının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilən iməcilikdə həmin ərazinin 50 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib. Bununla yanaşı, həmin günlə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Xatırladaq ki, 1972-ci ildə iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi aktuallaşıb və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününün və ya Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunmasına qərar veriblər. Növbəti ildən etibarən həmin gün bütün dünyada qeyd olunmağa başlanılıb.