CƏMİYYƏT
Ümumi çəkisi dörd kiloqramdan çox olan narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 16 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qurum əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitələrə bənzər maddənin, 718 ədəd güclü təsiredici maddənin və 14 min 841 ədəd dərman preparatının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Aprelin 12-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan Azərbaycana rəsmi qaydada gələn Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Nicad Məmməd oğlunun idarə etdiyi “MAN” markalı 99-CY-071 dövlət nömrə nişanlı avtomobilin yük salonuna baxış zamanı 14 min 841 ədəd aksiz markası olmayan dərman preparatı aşkarlanaraq götürülüb.
Aprelin 14-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Ağcabədi rayon sakini, 1994-cü il təvəllüdlü Rəhimov Cahandar Tahir oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 758 qram narkotik vasitəyə (2042 qram “tiryək”, 2716 qram “marixuana”, 500 ədəd “gabaprel” və 218 ədəd “mydrax” güclü təsiredici maddələrin) bənzər maddələr aşkarlanaraq götürülüb.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ağcabədi rayon sakini, 1999-cu il təvəllüdlü Orucov Elşad Oruc oğlu saxlanılıb.
Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılanlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.