SİYASƏT
Ümumrusiya Azərbaycan Konqresinin Moskva üzrə bölməsinin yeni icraçı direktoru təyin edilib
Moskva, 7 sentyabr, AZƏRTAC
Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun gənc fəallarından biri Şamil Tağıyev Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva şəhəri üzrə nümayəndəliyinin icraçı direktoru təyin olunub.
Ş.Tağıyev Moskva İqtisadiyyat və Hüquq Akademiyasını bitirib. O, ÜAK-ın gənclər təşkilatının tərkibində ictimai fəaliyyətə başlayıb, daha sonra Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondunun təsisçisi kimi fəaliyyət göstərib. Rusiya Azərbaycanlı Gənclər Birliyi, “Şəhriyar” ədəbi-bədii cəmiyyəti, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi, “AmorNews” informasiya partalı, “İnterAz” televiziyası və digər Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Rusiyanın dövlət və ictimai təşkilatları ilə də sıx əməkdaşlıq edib.
Ş.Tağıyev yeni təyinatı ilə bağlı AZƏRTAC-a bildirib ki, ÜAK-ın Moskva nümayəndəliyinin dəstəyi ilə həmyerlilərimizin Rusiya cəmiyyətinə inteqrasiyası və Rusiya ictimai, siyasi və iqtisadi həyatında daha yaxından iştirakı üçün yeni layihələrə start veriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva