ELM VƏ TƏHSİL
Universitetdə müasir laboratoriyalar qurulur
Bakı,13 may, AZƏRTAC
Qərb Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş əsaslı yenidənqurma işləri davam etdirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin infrastrukturunun, maddi-texniki bazasının yaxşılaşdırılması üçün burada müasir qurğu və cihazlarla təchiz olunmuş laboratoriyalar qurulur. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılır.
Laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyaların qurulmasına başlanılıb. Ağac emalı ilə bağlı əldə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq ediləcək.
Universitetdə genetik analizlərin aparılmasına imkan verən laboratoriya da olacaq. Lazımi cihaz və qurğuların alınması üçün müvafiq xarici şirkətlərlə danışıqlar müsbət nəticələnib. Universitetdə ekologiya mühəndisliyi sahəsi üzrə laboratoriya da qurulur. Burada aparılan bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.