CƏMİYYƏT
Uşaq əməyinin istismarı yeniyetmələrin fiziki-mənəvi inkişafına zərbə vurur
Bakı, 9 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Masallı rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədris müəssisələrinin nümayəndələrinin və işəgötürənlərin iştirakı ilə təşkil etdiyi seminar təbliğat-maarifləndirmə məqsədi daşıyıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda qeyd olunub ki, uşaq əməyinin istismarı yeniyetmələrin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı onu təhsildən məhrum edir, uşağın fiziki-mənəvi inkişafına zərbə vurur. Azərbaycan uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biridir. Ötən dövrdə Azərbaycan BƏT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər müvafiq beynəlxalq sənədlərə qoşulub.
Ölkəmizin Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən qanunvericiliyə əsasən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığı götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.