ELM VƏ TƏHSİL
Uşaq-gənclər idman-şahmat məktəblərində keçid normativlərinin qəbulu onlayn aparılıb
Bakı, 9 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020-ci tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid normativlərinin qəbulu təşkil edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, normativlərin qəbulu “Microsoft Teams” platforması üzərindən hər idman bölməsi üzrə məşqçi-müəllim və idmançılar arasında görüntülü və səsli əlaqənin yaradılması, verilən tapşırığa uyğun olaraq qrup üzvləri tərəfindən müvafiq idman hərəkətlərinin icra edilməsi şəklində aparılıb. İyunun 23-dən təşkil edilən normativ qəbulunda iştirak üçün Təhsil Nazirliyinin birbaşa tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəbləri üzrə 28 idman növündə 796 məşqçi-müəllim qeydiyyatdan keçib, qrup üzvlərinin sayı 8 mindən çox olub.
Ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tədris, təlim-tərbiyə prosesinin dayandırıldığı nəzərə alınaraq, 2019-2020-ci tədris ilində idman məktəblərində məşğul olan idmançıların növbəti tədris qrupuna keçirilməsini təmin etmək məqsədilə keçid normativlərinin qəbulu onlayn aparılıb.
Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilə dövründə uşaq-gənclər idman-şahmat məktəblərində tədrisin davamlılığı, idmançıların fiziki hazırlıqlarının təmin edilməsi məqsədilə aprelin 1-dən ayrı-ayrı bölmələr üzrə idmançılar üçün onlayn formatda dərslər təşkil olunub. Məşqçi-müəllimlər müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edib, onların fiziki sağlamlıqlarının təmini üçün idmanın ayrı-ayrı növləri üzrə müəssisələrin dərs cədvəlinə uyğun məşq prosesi təşkil ediblər.