MƏDƏNİYYƏT
“Uşaq kitab karvanı” layihəsi çərçivəsində səfər başa çatıb
Bakı, 10 noyabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı” layihəsi çərçivəsində bölgələrə səfər başa çatıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarında reallaşdırılan tədbirlər böyük maraqla qarşılanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirin keçirilməsində əsas məqsədin səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək olduğunu bildirib.
Tədbirlərə qatılan uşaqlar arasında müxtəlif viktorinalar keçirilib. Qaliblər kitab və jurnallarla mükafatlandırılıb. Səmərəli keçən səfərdə bölgələrdəki mərkəzləşdirilmiş kitabxana sistemlərinin uşaq kitabxanalarının hər birinə kitab karvanı ilə gətirilən bağlamalar, o cümlədən nəşriyyatların son illərdə çap etdiyi 500-dək uşaq kitabı, 44 adda metodik vəsait, “Göy qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakat və vəsaitlər hədiyyə edilib.
Kitab karvanı təkcə uşaqların deyil, ictimaiyyətin də sevincinə səbəb olub. Tədbirlərdə iştirak edən dövlət idarələrinin nümayəndələri layihənin neçə illərdir uğurla reallaşdırılmasında xidməti olan Mədəniyyət və Turizm Nazirliyinə və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Qeyd edilib ki, “Uşaq kitab karvanı” layihəsi çərçivəsində 2011-ci ildən bu günə qədər 26 rayona 22 mindən çox nüsxə kitab bağışlanıb.