REGİONLAR
Uşaqlara qarşı yol verilən zorakılıq halları ilə bağlı Lənkəranda müzakirələr aparılıb
Lənkəran, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Peşə Liseyində “Uşaqlara qarşı yol verilən zorakılıq halları və onunla effektiv mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirici tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun sözlərinə görə, hər bir uşağın şəxsi toxunulmazlıq və zorakılığın bütün formalarından müdafiə hüququ var.
O, çıxışında qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 2-17 yaşarası təxminən bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa məruz qalır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şiddətə məruz qalan azyaşlı uşaqlar sonrakı yaşlarda bir çox ciddi xəstəliklərə tutulurlar. Uşaqlara qarşı törədilmiş zorakılıq hallarına heç vaxt haqq qazandırmaq olmaz.
Qeyd olunub ki, ailələrdə, məktəblərdə, icmalarda zorakılığın bütün formalarına son qoymaq uşaqların hüquqları, rifahı və davamlı gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, uşaq evi, körpələr evi, uşaq bağçaları təhlükəsiz və uşağın dostu olmalıdır. Zorakılıq uşaqlarda qorxu, öz istedadlarından məhrum olmaq, güvənsizlik hissi formalaşdırır.
Z.İsmayılov diqqətə çatdırıb ki, son günlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ciddi narahatlıq doğurub.
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan bu kimi hallar və zorakılıq əməllərinə hüquqi qiymət verilməsinin daim nəzarətdə saxlanıldığını vurğulayan Z.İsmayılov bildirib ki, uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyir.
Tədbirdə Lənkəran Dövlət Peşə Liseyinin direktoru Afər Kərimov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli uşaqlar barədə dövlət siyasətindən, hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasından, mütərəqqi tələblər əsasında təhsil almalarından, layiqli vətəndaş kimi formalaşmalarından, uşaq və gənclərin inkişafına mane olan zərərli vərdişlərdən, yad ideoloji düşüncələrdən danışaraq, uşaqların radikal dini təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırıb, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının, milli-mənəvi dəyərlərə üstünlük verilməsinin əhəmiyyətini vurğulayıblar.