İDMAN
“VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!” DEVİZİ İLƏ KEÇİRİLƏN RESPUBLİKA YARIŞLARI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin və Kənd Təsərrüfatı və Qida İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı və “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən respublika yarışlarının final oyunları olmuşdur.
Azərbaycan İdman Təşkilatları Həmkarlar İttifaqları Assosiasiyasının stadionunda təşkil olunan final yarışlarında ölkəmizin 32 şəhər və rayonundan 150-dək atlet 5 idman növü üzrə (yaralını arxaya almaqla 60 metr məsafəyə qaçış, 200 metr məsafəyə kross qaçışı, hədəfə qumbara atmaq, uzunluğa tullanma və turnikdə dartınma) mübarizə aparmışdır. Mükafatçılar idmanın hər növü üzrə topladıqları xallara görə müəyyənləşmişdir.
16-18 yaşadək gənclər arasında Ramin Hüseynov (Qusar), Pərvin Cəfərov (Sabirabad), Rahib Balayev (Qax), 19-36 yaşadək kişilər arasında Toğrul Mirzəyev (Sabirabad), Şirin Tahirov (Qəbələ), Elçin Qocayev (İmişli), müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuşlar.