İDMAN
VETERAN GÜLƏŞÇİMİZ BEYNƏLXALQ TURNİRİN QIZIL MEDALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Elista şəhərində Kalmıkiya Muxtar Respublikasının və FİDE-nin prezidenti Kirsan İlyumjinovun şərəfinə sərbəst güləş üzrə idman ustaları və veteranlar arasında beynəlxalq turnir keçirilmişdir.
Rusiyanın 12 vilayətindən, Qazaxıstan, Özbəkistan və Gürcüstandan 150-yə yaxın pəhləvanın 8 çəki dərəcəsi üzrə çıxış etdiyi yarışlarda Azərbaycanı SSRİ idman ustası, ötən il İranda veteranlar arasında keçirilmiş dünya çempionatının bürünc medalçısı, “Rabitəçi” İK-nın üzvü Rövşən Quliyev (69 kq) təmsil etmişdir. 35 yaşdan yuxarı veteran idmançıların yarışında R. Quliyev tanınmış güləşçilər Vladimir Qabunov, Gennadi Çilqibayev və Maksim Şiriyevi məğlub edərək turnirin qızıl medalını qazanmışdır.
Xatırladaq ki, həmyerlimizin iştirak edəcəyi növbəti yarış avqustun 3-6-da Riqa şəhərində veteran güləşçilər arasında keçiriləcək dünya çempionatı olacaqdır.