SİYASƏT
VII Dünya Xəbər Agentlikləri Konqresi 2022-ci ilin noyabrında Mərakeşdə keçiriləcək
Bakı, 10 sentyabr, AZƏRTAC
VII Dünya Xəbər Agentlikləri Konqresi 2022-ci ilin noyabrında Mərakeşdə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mərakeşin MAP informasiya agentliyinin təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Şurasının konqresə hazırlıq iclası keçirilib. Şuraya üzv agentliklər ilkin olaraq toplantının təşkili məsələlərini müzakirə ediblər.
MAP-ın baş direktoru Xəlil Haşimi İdrisi qeyd edib ki, Afrika qitəsində ilk dəfə keçiriləcək bu mötəbər tədbir “Postpandemiya dövründə xəbər agentliklərinin gələcəyi” mövzusuna həsr olunacaq. Onun sözlərinə görə, konqresdə pandemiyanın agentliklərin fəaliyyətinə təsiri, bundan irəli gələrək rəqəmsallaşmanın sürətlənməsi, yeni mühitə adaptasiya imkanları kimi məsələlər nəzərdən keçiriləcək.
Böyük Britaniyanın Press Association xəbər agentliyinin və Dünya Xəbər Agentlikləri Şurasının prezidenti Klayv Marşal bildirib ki, bu toplantıda dünyanın hər yerindən 200-dən çox agentlik rəhbəri və nümayəndəsi, həmçinin media üzrə beynəlxalq ekspertlər iştirak edəcəklər.
Dünya Xəbər Agentlikləri Konqresinin hazırkı prezidenti, Bolqarıstanın BTA agentliyinin baş direktoru Kiril Valçevin sözlərinə görə, konqres, eyni zamanda, feyk xəbərlərlə mübarizə, faktlara münasibət, media bazarındakı real vəziyyət və onun gələcəyi kimi mövzuları gündəmə gətirəcək.
Dünya Xəbər Agentlikləri Şurasının vitse-prezidenti, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman MAP-ın bu dünyamiqyaslı tədbiri yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Londonda VII Dünya Xəbər Agentlikləri Konqresini keçirmək üçün ev sahibi kimi Mərakeşin MAP agentliyi seçilib. Buna qədər konqres Rusiyada (2004), İspaniyada (2007), Argentinada (2009), Səudiyyə Ərəbistanında (2013), Azərbaycanda (2016) və Bolqarıstanda (2019) təşkil olunub. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən AZƏRTAC hazırda 13 agentliyin, o cümlədən Associated Press, Reuters, Press Association (Böyük Britaniya), TASS (Rusiya), EFE (İspaniya), France Press (Fransa), SPA (Səudiyyə Ərəbistanı) kimi mötəbər media qurumlarının da daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının üzvüdür.