DÜNYA
V.PUTİN: BU İL RUSİYA 5 MİLYARD DOLLARLIQDAN ARTIQ SİLAH SATACAQ
Rusiya 2004-cü ildə hərbi texnika və ehtiyat hissələrin satışının həcmlərinə görə təxminən 5 milyard dollar təşkil etmiş ötənilki göstəriciləri geridə qoyacaqdır. AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər veir ki, RF Prezidenti Vladimir Putin bu fikri dekabrın 6-da Ankarada mətbuat konfransında söyləmişdir.
O demişdir: “Mən xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığımızın coğrafiyasından da, həcmindən də razıyam. Bu il biz silah satışının ötənilki həcmlərinə çıxacaq, çox güman, onları bir qədər artıracağıq”.
V.Putin bildirmişdir ki, Rusiya Asiya bazarlarında iştirakını genişləndirir, Latın Amerikasının bazarlarına qayıtmaq üçün ilk addımlarını atır, avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirir.
Rusiya dövlətinin başçısı Hindistanı da hərbi-texniki əməkdaşlıq sahəsində sıx əməkdaşlığa misal göstərərək demişdir ki, xarici dövlətlərlə həmin istiqamətdə əməkdaşlığın bütün həcminin üçdə bir hissəsindən çoxu bu ölkənin payına düşür. Belə ki, hazırda Hindistanla 5 milyard dollar dəyərində müqavilələr imzalanmışdır.