MƏDƏNİYYƏT
V Bakı Beynəlxalq Teatr Konfransının plenar iclaslarında maraqlı məruzələr dinlənilir
Bakı, 6 noyabr, AZƏRTAC
V Bakı Beynəlxalq Teatr Konfransı plenar iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da beynəlxalq konfransın sonuncu günü plenar iclasa AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov (Azərbaycan) və Anadolu Universitetinin professoru Ebru Gökdağ (Türkiyə) moderatorluq ediblər.
Plenar iclasda əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin prorektoru Məryəm Əlizadə “Müasir fəlsəfədə teatr anlayışı (Fəlsəfi konseptlərin mozaikası əsasında)” məruzə ilə çıxış edib. Bildirib ki, müasir fəlsəfənin və sənətşünaslığın bir çox tənqidi mətnlərində prosesi, vəziyyəti, ifaçılıq kontekstini strukturlaşdıran perfomans təcrübələri qavrayış prizmasından nəzərdən keçirilən sənətə alternativ götürülür. Təklif edilir ki, sənət müşahidə, seyr obyekti kimi yox, istehsal prosesi kimi araşdırılsın. Müasir filosofların teatrla bağlı düşüncələrinə təhlil edən tədqiqatçı bu qənaətə gəlir ki, teatr düşüncəsi, teatra baxış və onun mahiyyətinin təhlili kəskin şəkildə dəyişir və dəyişməkdədir.
İclasda Meiji Universiteti, Yapon Qlobal Tədqiqatlar Məktəbinin professoru Ken Hacıvara, Batumi İncəsənət Universitetinin dosenti İnqa Xalvaşi, Yunanıstan Balaca Tülkülər Uşaq Teatrının baş müdiri Emili Kamarinopulu, Norveç Genrik İbsen Tədqiqatları Mərkəzinin elmi işçisi Rezan Saleh, Gürcüstan NNLE “Teatr Fondu”nun rəhbəri Manana Turiaşvili və başqaları məruzələrlə çıxış ediblər.
Məruzələrdə müasir teatrın qarşısında duran vəzifələr, mövcud problemlər və digər məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir.
Builki konfransda 40-dan çox ölkədən 110 xarici qonaq iştirak edir.