ORDU
Vaqif Dərgahlı: Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir VİDEO
Tovuz, 13 iyul, AZƏRTAC
Xalqımıza, o cümlədən KİV-lərə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək ancaq Müdafiə Nazirliyinin məlumatlarına və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik. Dedi-qodu, yalan məlumatın yayılması düşmən dəyirmanına su tökmək deməkdir. Xahiş edirik ki, ancaq rəsmi məlumatlara istinad olunsun.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı sosial şəbəkələrdə guya müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirilməsi ilə bağlı əsassız məlumatların, dedi-qoduların, söz-söhbətlərin yayıldığını bildirib.
“Dünən sosial şəbəkələrdə bir qrup şəxs Azərbaycan Ordusuna dəstək, Qarabağın azad olunması ilə bağlı şüarlar səsləndirərək, Qarabağ uğrunda yekdilliklə ayağa qalxmaqla bağlı sosial şəbəkələrdə çağırışlar ediblər. Biz vətənpərvərlik hissindən irəli gələn çağırışları anlayırıq. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də bu cür söz söhbətlərə, sosial şəbəkələrdə belə yazışmalara və çağırışlara ehtiyac yoxdur. Hamı bilməlidir ki, bu cür məlumatların yayılması ancaq düşmənin maraqlarına xidmət edir”.