REGİONLAR


Vaqif Süleymanov: Mədəniyyət və incəsənət sahəsinə göstərilən qayğı bizi daha əzmlə çalışmağa sövq edir

Sumqayıt, 9 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Respublikasının son illərdəki sürətli inkişafı bütün zəhmətkeşləri sevindirdiyi kimi, biz musiqiçiləri də ruhlandırır. Respublikamızın bütün regionlarında aparılan abadlıq və quruculuq işləri doğma şəhərimiz Sumqayıtda da geniş vüsət alıb. Sumqayıtda mədəniyyət müəssisələrinin inşası və əsaslı təmirdən sonra sakinlərin ixtiyarına verilməsi dövlətimizin başçısının mədəniyyət sahəsinə olan diqqət və qayğısının bariz nümunələridir. Buna görə də Sumqayıtın mədəniyyət sahəsində çalışan insanları Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi, Ə.Bakıxanov adına Sumqayıt Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Süleymanov deyib.

O bildirib ki, martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü, onların bu sahəyə göstərdikləri qayğı bizi daha əzmlə çalışmağa sövq edir.

V.Süleymanov qeyd edib ki, görüş zamanı mədəniyyət və incəsənət xadimləri bu sahədə əldə etdikləri uğurlarla yanaşı, mövcud çatışmazlıqlar barədə də dövlətimizin başçısına məlumat veriblər.

Mən musiqiçi olduğum üçün professor Fərhad Bədəlbəylinin çıxışı daha çox diqqətimi cəlb etdi. Onun dediyi kimi, bütün istedadlı ifaçıların yetişməsində fundamental zəhmət durur. Bu baxımdan Azərbaycanın musiqi və incəsənət məktəblərinin rolu çox böyükdür.

Dahi Üzeyir Hacıbəylinin şah əsəri olan musiqi məktəbləri Azərbaycanın xalq və klassik musiqisinin öyrənilməsində, təbliğində əvəzedilməz rol oynayır. Böyük bəstəkarımız Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı təklif də çox xoşuma gəldi. Çünki Azərbaycanın professional musiqi sənətinin inkişafında Xalq artisti Süleyman Ələsgərovun çox böyük rolu olub. Mən öz müəllimimin adının əbədiləşdirilməsinə görə çox şadam.

“Əlbəttə, mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüş Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir. Sumqayıtın mədəniyyət işçiləri adından möhtərəm Prezidentimizə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”, - deyə V. Süleymanov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.