DÜNYA


Vaşinqton Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılması imkanını görmür

Bakı, 7 may, AZƏRTAC

ABŞ Administrasiyası hazırda Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun ləğvi imkanını görməsə də, Moskvanı izolyasiya etməyə çalışacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu barədə PBC telekanalına müsahibəsində bildirib.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Təhlükəsizlik Şurasının ləng hərəkət etməsi barədə mövqeyini anlayışla qarşılayıram. Həmçinin onun Rusiyanın qurumun daimi üzvü statusuna yenidən baxılması xahişindən də xəbərdaram, lakin bunun hər hansı bir şəkildə dəyişəcəyi ehtimalını görmürəm. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsa da, biz Moskvanı təcrid etməyə çalışacağıq”, - Linda Tomas-Qrinfild belə deyib.

Onun sözlərinə görə, Rusiya dünyanı nüvə silahı ilə hədələyir. Həmçinin Moskva kimyəvi silahdan istifadə ilə bağlı Vaşinqtona və Kiyevə qarşı saxta ittihamlar səsləndirir.

“Biz onların Suriyada olduğu kimi, Ukraynada da kimyəvi silahdan istifadə etmək iqtidarında olduğunu bilirik. Buna görə də təhlükəni ciddi qəbul etməliyik”, - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov isə Ukrayna Təhlükəsizlik Xidmətinin Qərb dövlətlərinin dəstəyi ilə mülki əhaliyə qarşı zəhərli maddələrdən istifadə edərək buna görə Rusiyanı günahlandırmaq niyyətində olduğunu iddia edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.