İDMAN
Vassoura: Yeni klubumda Azərbaycan millisinin oyunlarından sonra debüt edəcəyəm
Bakı, 12 yanvar, AZƏRTAC
Ötən ilin martında millinin seçmə mərhələsinin oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma bu, qısamüddətli oldu. Daha sonra “Futbol 7x7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Vassoura deyib.
Ötən həftə “Sporting Paris” klubu ilə müqavilə imzaladığını bildirən futzalçı deyib: “Millinin digər üzvü Fineo De Araujo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.
“Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz və infrastrukturumuz var.
Yeni komandasında hələ debüt etmədiyini bildirən futzalçı məşqlərdə iştirak etdiyini və klubdan ilk görüşünə millinin oyunlarından sonra çıxacağını qeyd edib.