CƏMİYYƏT
Vəkillər Kollegiyası sədrinin sahibkarlarla onlayn görüşü keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də “Caspian European Club”un təşəbbüsü ilə təşkilata üzv 40-dək kommersiya müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun onlayn görüşü keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, görüş “Koronavirus (COVID-19) pandemiyası dövründə vəkillərin fəaliyyəti və sahibkarlara hüquqi xidmətlərin göstərilməsinin yeni üsulları” mövzusunun müzakirəsinə həsr olunub.
“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev klubun yaradılması qayəsi, onun ilk rəhbərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olması, sahibkarların maraqlarının müdafiəsi işində təşkilatın oynadığı müstəsna rol barədə məlumat verib, xüsusilə son illərdə vəkil peşəsinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin fonunda iş adamlarının maraqlarının peşəkar hüquqi dəstəklənməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər Azərbaycanda vəkilliyin inkişafında Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarların maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının zəruriliyindən danışıb. O, həmçinin məhkəmə hakimiyyəti sahəsində islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat verib, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd edib.
İki saatdan artıq davam edən tədbir işini müzakirələrlə davam etdirib, sahibkarları maraqlandıran suallar hərtərəfli cavablandırılıb.
Görüşə Vəkillər Kollegiyasının üzvü, “Caspian European Club”un Hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin rəhbəri Şaiq Mirzəyev moderatorluq edib.
Tədbirdə Vəkillər Kollegiyası aparatının rəhbəri Fərhad Nəcəfov, aparat rəhbərinin müavini Anar Əsədov, aparatın beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional vəkil bürosunun müdiri Anar Qasımlı da iştirak ediblər.