REGİONLAR
Vətən müharibəsi şəhidi Novruz Haxverdiyevin xatirəsi anılıb
Daşkəsən, 19 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Yanvarın 19-da Gəncə şəhər Şəhidlər xiyabanında Daşkəsəndən olan Vətən müharibəsi şəhidi əsgər Novruz Haxverdiyevin anım mərasimi keçirilib. Mərasimdə Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhid əsgər Novruz Haxverdiyevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.
Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri Novruz Haxverdiyev 1996-cı il martın 25-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub, Alunitdağ məktəbində təhsil alıb. Orta təhsilini bitirib hərbi xidmətə yollanan Novruz xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmətə davam etdirib. Novruz Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 2-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Şəhidin adı uzun müddət itkin düşənlərin siyahısında olub. 2021-ci yanvarın 19-da şəhidin nəşi tapılaraq Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Novruz Haxverdiyev “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin İnci adlı bir qız övladı yadigar qalıb.