QAN YADDAŞI
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qısası alınıb
Bakı, 26 fevral, AZƏRTAC
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qısası alınıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edən şəhər sakini, şəhid oğlu, Sadiq Aslanov deyib
O bildirib: “Atam Xocalıda insanları xilas edən zaman həlak olub. Kəşfiyyat komandiri olan atam əslən Ağdam rayonunun Şelli kəndindəndir. O, Qarabağ döyüşlərində şücaət göstərib. Həmin gecə köməyə ehtiyacı olan, yaralı insanları ikinci dəfə xilas etməyə çalışan atam şəhid oldu. Onun ölüsü də tapılmadı”.
Müsahibimiz vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməklə bütün şəhidlərin qısası alınıb. Onların qanı yerdə qalmadı.
Qeyd edək ki, erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.