CƏMİYYƏT
Vətən müharibəsindən sonra baş verən faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində olub
Bakı, 3 dekabr, AZƏRTAC
Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır. Ancaq bir qədər səbir və təmkin nümayiş etdirməliyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ da təhlükə var. Sirr deyil ki, Vətən müharibəsindən sonra baş verən faciələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.
Sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhlükəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir. Artıq məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin düzgün xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir. Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq. Qarabağ Azərbaycandır!”- deyə Elşad Hacıyev vurğulayıb.