ELM VƏ TƏHSİL
Vətəndaş cəmiyyətinin inkişafında tələbə həmkarlar ittifaqlarının rolu böyükdür
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndəsi, universitetin tələbələri və fakültə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
AzMİU THİK-nin sədri Bayram Aslanov vətəndaş cəmiyyətinin inkişafında, ictimai münasibətlərdə sivil, demokratik prinsiplərin əsas meyara çevrilməsində tələbə həmkarlar ittifaqlarının rolunun böyük olduğunu vurğulayıb. Hesabat məruzəsi ilə çıxış edən B.Aslanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün görülən işlərdən danışıb.
Sonra THİK nəzarət-təftiş komissiyasının sədri Ruslan Novruzovun maliyyə hesabatı ilə bağlı çıxışı dinlənilib.
Çıxış edənlər təşkilatın fəaliyyətini qənaətbəxş hesab edib, fikir və təkliflərini irəli sürüblər.
Tədbirdə THİK-nin yeni tərkibinə baxılıb, səsvermə yolu ilə sədr və komitənin 29 üzvü müəyyənləşib. Səsvermənin nəticələrinə görə, B.Aslanov yenidən AzMİU THİK-nın sədri seçilib.
AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov komitənin fəaliyyətini yüksək dəyərləndirib, yeni seçilən tərkibə çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.