ELM VƏ TƏHSİL
Vətəndaş elmi layihələrində “Industry 4.0” texnologiyaları tətbiq olunur
Bakı, 19 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Industry 4.0” vətəndaş elmində mövcud vəziyyət, problemlər və həllər” mövzusunda onlayn elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni əməkdaş Nərgiz Verdiyeva təqdim edərək “Industry 4.0”, onun formalaşması, texnologiyaları, bu texnologiyaların vətəndaş elmində tətbiqi problemləri və s. haqqında məlumat verib. Diqqətə çatdırıb ki, son bir neçə onillikdə vətəndaş elminin sürətli inkişafı müasir informasiya texnologiyalarının nailiyyətləri ilə əlaqədardır. Əşyaların internetinin vətəndaş elmində tətbiqindən bəhs edən məruzəçi smartfonlarda istifadə olunan mobil proqramlardan danışıb.
N.Verdiyeva kiberfiziki sistemlərin vətəndaş elmi layihələrində tətbiqindən də söhbət açıb. Diqqətə çatdırıb ki, zaman keçdikcə vətəndaş elmində “Industry 4.0” texnologiyalarının daha geniş spektri tətbiq olunacaq.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.