İQTİSADİYYAT
Vətəndaşların müraciəti əsasında piyada keçidi inşa edilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yolboyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidi tikilib.
Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.
Üç dayaqlı keçidin orta hissəsi uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuş keçiddə, həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.
Sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cü keçiddir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.