REGİONLAR
Veteran: Qələbə xəbəri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olacaq
Qobustan, 3 oktyabr, AZƏRTAC
İllərdir ki, gözlədiyimiz vaxt çatdı. Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ və ətraf yeddi rayonumuzu erməni işğalçılarından azad edir. Düşmən sarsıdıcı zərbə alır və hər gün döyüş texnikasını, silah-sursatını qoyub qaçır. Qaça-qaça da öz mənfur sifətini göstərir: Yaşayış məntəqələrini atəşə tutur, dinc insanları hədəfə alır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Qobustan rayon Veteranlar Şurasının sədri Abdulhəsən Ağayev söyləyib.
“Azərbaycan xalqının işi haqq işidir. Möhtərəm Prezidentimizin dediyi kimi, biz öz torpaqlarımızda döyüşürük, başqasının torpağında yox”, – deyən veteran hazırda cəbhədə 4 nəvəsinin iştirak etdiyini söylədi. Vurğuladı ki, özü də qalan 5 oğlu və 3 nəvəsi ilə döyüşlərə getməyə hazırdır. “Əzəli və əbədi torpaqlarımız uğrunda vuruşmaq, şəhid olmaq bizlər üçün şərəfdir”, – deyən veteran tam qələbə xəbərini səbirsizliklə gözlədiyini bildirdi və Azərbaycan tarixinin ən şanlı səhifələrindən olacaq bu xəbərin heç də uzun çəkməyəcəyinə inandığını söylədi.