CƏMİYYƏT
Villiam abi Abdullah: “Məktəblinin qida bələdçiləri” layihəsi müsbət nəticələr ortaya çıxardı
Bakı, 7 iyul, AZƏRTAC
Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Uşaqların düzgün şəkildə qidalanmaması onların sağlamlığına təsir edir. Yanlış qaydada qidalanma fiziki qüsurlara da aparıb çıxarır. Təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradır. Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekun tədbirində deyib.
Onun dediyinə görə, layihənin əvvəlində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəbliləri arasında keçirilən sorğuda iştirakçıların 97 faizi qida təhlükəsizliyi haqqında heç bir anlayışa malik olmadığını ifadə etmişdisə, layihənin yekununda iştirakçıların 28 faizi bundan xəbərsiz olduğunu bildirib: “Həmçinin layihənin əvvəlində sorğuda iştirak edənlərin 20 faizi səhər yeməyi yemədiyi halda layihənin yekununda onların sayı 7 faizə enib. Layihənin əvvəlində sorğu iştirakçılarının 33 faizi həftənin beş günü şirniyyat qəbul etdiyini ifadə edirdisə, yekunda həmin rəqəm 13 faizə düşüb. Çox sevinirəm ki, layihələrin müsbət nəticələri ortaya çıxdı".