İDMAN
Voleybol yarışlarının ikinci gününün sonuncu oyunlarında Belçika və Almaniya komandaları fərqləniblər
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında ikinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında sonuncu görüş B qrupunda yer alan Bolqarıstan və Belçika seçmələri arasında olub.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən Belçika millisi rəqibinə 3:2 (25:22, 23:25, 19:25, 25:22, 15:12) hesabı ilə qalib gəlib. Beləliklə, belçikalı voleybolçular festivalda ikinci qələbəsini qazanaraq beş xalla liderliyə yüksəliblər.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə günün sonuncu qarşılaşması B qrupunda Belarus və Almaniya milliləri arasında oynanılıb. Matçda Almaniya təmsilçiləri daha yaxşı oynayaraq 3:1 (16:25, 25:17, 25:18, 25:13) hesablı əzmkar qələbə qazanaraq üç xala sahib olublar.