DÜNYA
Volodimir Zelenski Kaxovka SES-in partladılması ilə əlaqədar müraciətlə çıxış edib

Kiyev, 6 iyun, AZƏRTAC
Rusiyalılar tərəfindən Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması onilliklər ərzində Avropada insan tərəfindən törədilmiş ən böyük ekoloji fəlakətə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Buxarest doqquzluğu” sammitinin iştirakçılarına müraciətində deyilir.
“Təəssüflər olsun ki, Rusiya artıq bir ildən çoxdur həm bəndə, həm də bütöv Kaxovka SES-ə nəzarət edir. Onu kənardan atəşə tutmaqla partlatmaq fiziki cəhətdən real deyil, çünki SES minalanmış idi. Məhz Rusiya işğalçıları tərəfindən minalanıb və partladılıb”, - deyə o məlumat verib.
Prezidentin qeyd etdiyi kimi, Rusiya kütləvi ekoloji məhvetmə bombasını partladıb. “Bu, onilliklər ərzində Avropada insan tərəfindən törədilmiş ən böyük ekoloji fəlakətdir", - deyə Ukrayna Prezidenti əlavə edib.
Zelenski bildirib ki, gecə vaxtlarından başlayaraq Ukraynanın cənub rayonlarını su basır. Rusiya işğalından əvvəl bu rayonlarda ən azından 100 min nəfər yaşayıb, on minlərlə insan bu günə kimi ordadır. “Səksən şəhər və kənd su altındadır. Artıq təxliyəyə başlanılıb. Bu, yalnız ilkin nəticələrdir. Təəssüflər olsun ki, faciənin miqyası daha böyükdür”, - deyə Prezident vurğulayıb.
Zelenskinin sözlərinə görə, Kaxovka su anbarı milyonlarla insan üçün içməli su mənbəyi idi. Hazırda su kəmərinin əvəzinə kənardan su gətirilir. “Onlarla və yüzlərlə min insanın yaşadığı şəhərlər üçün bunu təsəvvür edin", - deyə o qeyd edib.
Kaxovka su anbarı həm əkinçilik, həm də aqrar istehsalat üçün su mənbəyi olub. “Çox böyük sahələr indi suvarılmır. Hətta hazırda ətraf mühit üçün nəticələrin necə olacağını müəyyən etmək belə çətindir ", - deyə o əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev