İDMAN


Vüqar Həşimov Memorialının reytinq favoritləri Fabiano Karuana və Vişvanatan Ananddır

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 18-də Bakıda start götürəcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı Vişvanatan Ananddır.

AZƏRTAC xəbər verir ki, ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.