CƏMİYYƏT


Vurduğu piyadanı köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb VİDEO

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub. Yol-nəqliyyat hadisəsini törədərək qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, qəzadan sonra sürücü hadisə şahidlərinin köməyi ilə piyadanı idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

İstintaq zamanı müəyyənləşdirilib ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.

Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.