İQTİSADİYYAT
XƏZƏR İŞGÜZAR İNTEQRASİYA KLUBU DÖVLƏT NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNƏ TÖHFƏSİNİ VERİR
Klubun prezidenti Telman Əliyev görüşün məqsədi barədə məlumat verdi, bu qurumun fəxri üzvü, fəal təşkilatçılarından biri - Dövlət Neft Şirkətinin vitse-prezidenti Valeh Ələsgərovu Milli Məclis sədrinin müavini vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi.
Valeh Ələsgərov ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müəllifi olduğu dövlət neft strategiyasının xalqımızın maddi rifahının yaxşılaşmasına, milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini, respublikamızın sivil dünya birliyinə inteqrasiyasına geniş imkanlar açdığını konkret faktlarla diqqətə çatdırdı. Xüsusi vurğuladı ki, bu uzaqgörən, düzgün müəyyən edilmiş siyasi-iqtisadi inkişaf xəttinin müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan hazırda ümumi daxili məhsul istehsalının həcminə görə, nəinki keçmiş SSRİ məkanında, hətta, dünyada birincidir.
Xəzər regionunda fəaliyyət göstərən 100-dən çox iri xarici və yerli şirkəti birləşdirən klubun da məhz 2002-ci ildə o zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevin xeyir-duası ilə yaradıldığını, “Əsrin müqaviləsi” nin işlənib hazırlanmasında və davamlı olaraq həyata keçirilməsində əvəzsiz xidmətləri olan dövlət rəhbərimizin həm də bu qurumun ilk Fəxri sədri olduğunu nəzərə çatdıran V.Ələsgərov, klubun fəxri üzvü kimi bundan sonra da qurumun fəaliyyətində yaxından iştirak edəcəyini bildirdi. Xalqın mütləq əksəriyyətinin iradəsini ifadə edən, azad, demokratik, ədalətli seçimlə formalaşan respublikamızın ali qanunvericilik orqanında təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri kimi daim ölkəmizdə fəaliyyət göstərən iş adamlarının normal fəaliyyəti, azad biznesin inkişafı, bunun üçün müvafiq hüquqi bazanın təkmilləşməsi üçün qüvvəsini əsirgəməyəcəyini, mütəxəssislərin dəyərli təklif, təşəbbüs və ideyalarından istifadə olunacağını vəd etdi, klubun fəaliyyətinin daha da təkmilləşməsi, ayrı-ayrı üzv şirkətlər arasında mehriban dostluq, işgüzar əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi üçün öz təkliflərini verdi və fikirlərini bildirdi.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə və digər məsul nümayəndələrə klubun fəxri üzvü sertifikatları təqdim edildi, əməkdaşlığın genişləndirilməsi barədə onların fikirləri dinlənildi. Çıxışlarda Xəzər regionunun, əsasən, neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən şirkətləri birləşdirən klubun fəaliyyəti yüksək qiymətləndirildi.
Sonra üzv şirkətlər yeni layihələrini, daxili, xarici bazar üçün təklif edilən yeni xidmət növlərini təqdim etdilər.
Tədbir qarşılıqlı işgüzar danışıqlar, fikir və təcrübə mübadiləsi şəraitində davam etdi, belə görüşlərin əhəmiyyəti qeyd olundu.