İQTİSADİYYAT


XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi açılıb VİDEO

Bakı, 4 dekabr, Elvin Camalov, AZƏRTAC 

Dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar “Bakutel 2018” sərgi və konfransının açılışı ilə “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təntənəli açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir qeyd edib ki, “Bakutel” sərgisi İKT sənayesi mütəxəssislərinin ənənəvi görüş yerinə və regionun ən nəhəng İKT tədbirinə çevrilib. Biznes strukturlarının rəhbərləri, peşəkarlar “Bakutel” sərgisinin platformasında qlobal məsələləri həll edir, perspektiv layihələri müzakirə edir və müxtəlif qərarlar qəbul edir. Eyni zamanda, sərgidə İKT sahəsinin ən son nailiyyətləri, innovasiyalar nümayiş olunur, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları üçün şərait yaradılır. Mərasimə toplaşanları və qonaqları təbrik edən nazir tədbir iştirakçılarına uğurlu iş arzulayıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin ITU İttifaqının baş katibi Haulin Çjaonun sərgi iştirakçılarına ünvanlanmış salamlama məktubunu oxuyub. Məktubda ITU İttifaqı tərəfindən reallaşdırılan çoxsaylı layihələrdə Azərbaycanın artan rolu və ölkəmizin sənayenin beynəlxalq miqyasda gələcək inkişafı xüsusilə vurğulanıb.

Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stron sərgidə dünyanın 20 ölkəsini təmsil edən 230 şirkətin iştirak etdiyini bildirib. O, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqına, Rabitə Sahəsində Beynəlxalq Əməkdaşlıq Birliyinə (RSS), sponsorlara və tərəfdaşlara öz təşəkkürünü bildirib.

Sərgidə rəqəmsallaşdırma, “Big Data”, M2M”, Əşyaların interneti, bank texnologiyaları, “4-5G” mobil texnologiyalar, optik lif və “bulud” texnologiyaları sahəsində xidmətlər, kibercinayətkarlığın qarşısını almağın ən son üsulları, dövlət xidmətləri, elektron səhiyyə, süni intellekt, mobil cihaz və ləvazimatlar, “Ağıllı şəhər”, pilotsuz uçuş aparatlarını və dronları idarəetmə sistemləri və bir sıra digər sahələr üzrə həll variantları təqdim edilir.

Bu il “Bakutel” sərgisinin fəxri qonaqları arasında Rusiya, Əfqanıstan, Belarus, Bolqarıstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Türkmənistan, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən nazirlər və ali qonaqlar yer alır.

“Bakutel 2018” sərgisində 10 ölkə - İtaliya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, ABŞ, Sloveniya, Türkiyə, Fransa, Xorvatiya və Polşa milli stendlər ilə çıxış edir. Sərginin debütantları isə iştirakçıların ümumi sayının 30 faizini təşkil edir. Debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Sistematiks” (Rusiya), “Suntech” (Polşa), “Azmonbat” (Azərbaycan), “BMS Global” (Azərbaycan), “Hostimul” (Azərbaycan), “IPG IRE-Polus” (Rusiya), “Xerrow Technologies” (BƏƏ) və digərləri yer alır.

Azərbaycanın aparıcı dövlət İKT strukturları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilmiş bir milli stenddə təqdim edilir. Sərginin yeni istiqaməti neft sahəsindən tutmuş əyləncə sektoruna kimi müxtəlif sahələr üzrə tapşırıqları həll etmək üçün kiçik və orta sahibkarlıq subyektlərini, özəl texnologiya layihəçilərini cəlb edərək onların biznesinin inkişafına şərait yaratmaqdır. Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesə Dəstək Agentliyinin dəstəyi ilə inkişaf edir.

Bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda - 50-dən artıq “startap” təmsil olunub. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyalarının tətbiqinə, veb-sayt və mobil tətbiqlərin hazırlanmasına əsaslanır.

Sərgi hər il keçirilən görüş və konfranslar ilə yanaşı “Bakutel Tech Talks” proqramının – təşkilatçıların sərgi çərçivəsində hazırladığı müzakirə platformasının keçiriləcəyini elan edir. İki gün ərzində – 5 və 6 dekabr tarixlərində “Bakutel Tech Talks” tədbiri nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsini, sənayenin yeniliklərini və istehsalat sirlərini nümayiş etdirməklə, bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.