REGİONLAR
X sinif şagirdi: Hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var
Quba, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya biz məktəblilərin hərtərəfli inkişafında mühüm rol oynayacaq. Ekskursiya zamanı maariflənir, dünya görüşümüzü artırır, eyni zamanda, Azərbaycanın dilbər guşələri ilə daha yaxından tanış oluruq. Quba və Qusar Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Ekskursiya zamanı şahid olduq ki, hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var. Bununla yanaşı, ayrı-ayrı rayonlarımızı, şəhərlərimizi gəzməklə Azərbaycanda gedən dinamik inkişafın nəticələrini görmək mümkündür.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Nərmin Məmmədli söyləyib.
Aleksey Osipoviç Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi ilk dəfədir bu bölgədə olduğunu bildirib.
“Ötən əsrin əvvəllərində bütün Azərbaycan ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq yaddaşımda dərin iz buraxdı. Bu kompleks ermənilərin tarixboyu bizə olan münasibətinin bariz nümunəsidir. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq”, - deyə Nərmin Məmmədli qeyd edib.