REGİONLAR
Xaçmaz rayonu ərazisində yerləşən Xanoba sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib VİDEO
Xaçmaz, 11 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində, Xaçmaz rayonu ərazisində yerləşən Xanoba sərhəd-keçid məntəqəsi noyabrın 11-dən fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, keçid məntəqəsindən istifadə oktyabrın 15-dən etibarən məhdudlaşdırılmışdı. Müvəqqəti məhdudiyyət Rusiyanın Tahirkənd Qazmaları sərhəd-keçid məntəqəsində aparılan təmir işləri ilə əlaqədar tətbiq olunmuşdu. Artıq qarşı tərəfdə yenidənqurma işləri yekunlaşdığından Xanoba sərhəd-keçid məntəqəsi də fəaliyyətini bərpa edib.
Məntəqənin bağlı olduğu müddətdə Samur gömrük keçid məntəqəsi avtomobillərin qonşu ölkəyə vaxtında və növbəsiz keçməsini təmin etmək üçün gücləndirilmiş iş rejimində işləyib. Bununla yanaşı, həmin müddətdə Rusiyaya və əks istiqamətdə gedib-gələn vətəndaşlar Qusar rayonu ərazisində yerləşən Şirvanovka keçid məntəqəsindən də istifadə ediblər.