REGİONLAR
Xaçmazda Vətən müharibəsi şəhidi Samir Mustafayevin xatirəsi əbədiləşdirilib
Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Qaracəlli kəndində Vətən müharibəsi şəhidi Samir Mustafayevin xatirəsi əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə kənddə abidə-bulaq kompleksi inşa olunub.
Samir Azər oğlu Mustafayev 2000-ci il martın 10-da Xaçmaz rayonunda dünyaya göz açıb. Əsgərliyini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı Samir Mustafayev Ağdərə, Xocavənd, Füzuli və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Samir oktyabrın 10-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Samir Mustafayev döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bulağın açılış mərasiminin iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Açılış mərasimində çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Samir Mustafayevin döyüş yolundan danışıblar. Bildirilib ki, şərəfli döyüş yolu keçən Samir və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaq.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.