REGİONLAR
Xaçmazda konfet ağacı çiçək açıb VİDEO
Xaçmaz, 6 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda bağban Qurban Qəribovun bağında becərdiyi konfet ağacı çiçək açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca aqronom olan Qurban Qəribov 20 ildən çoxdur dekorativ bitkilərə maraq göstərir. Xaçmaz rayonunun Armudpadar kənd sakini həyətyanı sahəsində 500 növdən çox dekorativ bitki, kol və ağac becərir.
Bağban konfet ağacı kimi tanınan “Şirin hoveniya”nı 6 il əvvəl becərməyə başlayıb. Bu il artıq ağaclar çiçək açıb və ilk dəfə məhsul verəcək.
Konfet ağacı əsasən rütubətli, qumlu torpaqlarda bitir. Meyvələrinin tərkibində şəkərin miqdarı 20-23 faizə çatır. Şirin, ətirli meyvə saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə konfet ağacını “yapon kişmiş ağacı” da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər. Konfet ağacının meyvələri dekabr ayında yetişir və mart ayına qədər ağacda qala bilir.
Vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalay olan konfet ağacının hündürlüyü 10-20 metrədək olur.
Qurban Qəribovun bağı dekorativ bitkilərlə zəngin parkı xatırladır. Təsərrüfatçı 10 sot ərazidə 100-dən çox dekorativ bitki, 100-ə yaxın meyvə ağacı, 200 növdə dibçək və qızılgül kolları, həmçinin başqa bitkilər becərir. Bu bitkilərin çoxunu Özbəkistan, Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gətirib.
Bağban bildirib ki, bu bağça onun mənəvi istirahət yeri olmaqla yanaşı, həm də gəlir mənbəyidir. Son illər dekorativ bitkilərə maraq göstərənlərin sayı daha da artıb. Bu bitkilər əsasən otel və restoranlar, müəssisələr və parklar üçün alınır.
Təsərrüfatçı dekorativ bitkiləri becərməyin daha çətin olduğunu deyir. Bu ağacların ilin bütün fəsillərində əkilə bilməsi əsas üstün cəhətlərindəndir. Bitkilər əsasən toxum və tinglə çoxaldılır.
Bağban xaricdən gətirdiyi bitki növlərini artıraraq təsərrüfatını daha da genişləndirmək niyyətindədir.