CƏMİYYƏT
Xaçmazda restoranda nöqsanlar aşkar olunub
Bakı, 27 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Xaçmaz rayonunun Nabran kəndində fiziki şəxs Ağasıyev Aydın İlyas oğluna məxsus “Tel bulağı” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb. Həmçinin mənşəyi məlum olmayan, üzərində saxlama müddəti göstərilməyən, etiketlənmə tələblərinə cavab verməyən məhsulların satışının və istifadəsinin həyata keçirildiyi müəyyənləşdirilib.
Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Müəssisədə xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisənin fəaliyyəti dayandırılıb.