REGİONLAR
Xaçmazda tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinə başlanılıb VİDEO
Xaçmaz, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 70 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin Şahdağ Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.
Hazırda tikinti işlərinin ilkin mərhələsi həyata keçirilir. Qısa müddətdə ofis binası, texnika parkı və tikinti materiallarının saxlanması üçün anbarlar inşa olunub. Tikinti sahəsi 10 hektar ərazini əhatə edir.
Sahə rəisi Çingiz Cəfərov bildirib ki, layihənin birinci mərhələsində çirkab sularının toplanacağı havalandırma hovuzu, nasos stansiyası, sutəmizləyici qurğuların suvurucuları və yardımçı binalar inşa olunacaq. Bu mərhələ 18 ay müddətində yekunlaşacaq. Sutəmizləyici qurğular kompleksinin tikintisinin 2022-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Bundan başqa çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metr uzunluğunda, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.
Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. Bu şəhərlərin sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. İstifadə olunmuş suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib.